Müraciət

Elmi nailiyyətlərin və innovativ texnologiyaların kommersiyalaşdırılması məqsədilə yaradılmış Texnologiya Transfer Mərkəzi tədqiqatçılar, startaplar, sənaye nümayəndələri və digər maraqlı tərəflərlə əməkdaşlıq çərçivəsində müraciətləri qəbul edir.

Tədqiqat və inkişaf nəticəsində formalaşmış texnologiyaların tətbiq sahələrinin müəyyənləşdirilməsi, hüquqi mühafizəsinin təmin edilməsi və bazara çıxarılması istiqamətində mərkəzimiz tərəfindən dəstək göstərilir. Texnologiyanın transferi və ya kommersiyalaşdırılması ilə maraqlanan şəxslər və təşkilatlar Mərkəzə aşağıdakı istiqamətlər üzrə müraciət edə bilərlər:

  • Yeni texnologiyaların, ideyaların qeydiyyatı və ilkin dəyərləndirilməsi
  • Patentləşdirmə və intellektual mülkiyyətin qorunması
  • Kommersiyalaşdırma və bazara çıxış strategiyasının hazırlanması
  • Elmi nəticələrin tətbiq imkanlarının araşdırılması
  • Akademik-sənaye tərəfdaşlıqlarının qurulması

Müraciətlər Mərkəzə yazılı formada (Ünvan: Bakı şəhəri, Caspian Plaza) və ya elektron qaydada info@ttmo.az təqdim edilməlidir.

Əlaqə vasitələri və müraciət forması bu bölmədə təqdim olunmuşdur.

Müraciət daxil olduqdan sonra müvafiq qeydiyyat aparılır və 20 iş günü ərzində ilkin texnoloji və kommersiya dəyərləndirməsi həyata keçirilir. Lazım gəldikdə, müraciət ekspert qrupu tərəfindən qiymətləndirilərək rəy hazırlanır. Qərar barədə müraciət edən tərəfə rəsmi cavab təqdim olunur.

Texnologiya və innovasiyaya əsaslı təşəbbüslərin reallaşdırılması üçün sizinlə əməkdaşlıqdan məmnun olarıq.

Texnologiya Transfer Mərkəzinə müraciət zamanı aşağıdakı sənədlərin əlavə olunması tövsiyə olunur:

  • Şəxsiyyəti və hüquqi statusu təsdiq edən sənədlər:
    • Vergi ödəyicisi kimi uçot sənədi (VÖEN)
    • Fiziki şəxs olduqda şəxsiyyət vəsiqəsinin surəti
  • Layihə və texnologiyaya dair məlumatlar:
    • Layihənin adı və ətraflı təqdimatı (pitch deck, təqdimat faylı və ya sənəd şəklində)
    • Məhsulun sənaye nümunəsi, dizayn və ya texniki təsviri
    • Əgər varsa – patent və ya müəlliflik hüququ sənədi
  • Biznes və bazar təhlili sənədləri:
    • Bazar araşdırması və marketing planı (əgər varsa)
    • Məhsulun unikalılığı və rəqabətqabiliyyətliliyi (əgər varsa)
    • İnvestisiya və maliyyə planı (əgər varsa)
  • Komanda və resurslar:
    • Layihə komandasının təcrübəsi və təhsili
    • Məsləhətçilər, tərəfdaşlar və investorlar barədə məlumatlar (əgər varsa)
    • Əməkdaşlar və onların rolları barədə məlumat (əgər varsa)
  • Əlavə dəstək və resurslar:
    • Cəlb olunmuş qrant, investisiya və ya kreditlər barədə məlumat
    • Texnoloji inkubator və ya akselerator proqramında iştirak sənədi (əgər varsa)
    • Demo link və ya təqdimat videosu (əgər mövcuddursa)

Əlavə olunan sənədlərin hər biri texnologiyanın kommersiyalaşma potensialını və layihənin reallığını göstərmək məqsədi daşıyır.

İdeya təklif forması

Texnologiya Transfer Mərkəzi haqqında

Texnologiya Transfer Mərkəzi olaraq, müxtəlif sahələrdə innovativ yanaşmalar və yüksək ticarət potensialı nümayiş etdirən layihələrin inkişafına dəstək göstərməkdəyik. Məqsədimiz yerli beyin məhsullarının və texnoloji yeniliklərin kommersiyalaşdırılması, elmi tədqiqat nəticələrinin real bazar dəyərinə çevrilməsi və sahibkarlıq ekosisteminin gücləndirilməsidir.

Hazırda dəstək verdiyimiz layihələr müxtəlif mərhələlərdədir – ilkin ideyadan prototipə, bazar testindən patentləşmə və kommersiyalaşma mərhələsinə qədər. Aşağıda qeyd olunan bəzi layihələr müəllif hüquqları və patent qeydiyyatı prosesində olduğundan, tam texniki və kommersiya detalları ictimaiyyətə açıq şəkildə təqdim olunmur. Bu, layihələrin hüquqi qorunması və tərəfdaşlarla bağlanmış məxfilik razılaşmaları çərçivəsində həyata keçirilir.

İnkubasiya və Texnoloji Müşayiət

Texnologiya Transfer Mərkəzi, həmçinin aşağıdakı istiqamətlərdə layihələrin inkişafını dəstəkləyir:

  • Aqrar texnologiyalar: kənd təsərrüfatında məhsuldarlığın artırılması və rəqəmsal idarəetmə sistemləri.
  • Tibbi texnologiyalar: səhiyyədə istifadə olunan innovativ cihaz və proqram təminatları.
  • Təhsil texnologiyaları: rəqəmsal öyrənmə alətləri və gamifikasiya əsaslı platformalar.
  • Sosial innovasiyalar: gənclərin inkişafı, inklüzivlik və əlçatan xidmətlər üzrə layihələr.
  • Sənaye həlləri: avtomatlaşdırma, sensor texnologiyaları və IIoT (Industrial Internet of Things).

Qeyd: Qeyd edilən bəzi layihələr hazırda müəllif hüquqları, patent qeydiyyatı və kommersiyalaşdırma mərhələsində olduğundan, texniki xüsusiyyətlər və kommersiya modelləri haqqında geniş məlumat ictimaiyyətlə paylaşılmır.

Hydroseeding

Ətraf Mühitin Qorunması və Yaşıllaşdırma Sahəsində İnnovativ Yanaşma

Hydroseeding — toxum, gübrə, bioaktiv maddələr və suyun xüsusi texnika ilə qarışdırılaraq torpaq səthinə püskürdülməsi üsuludur. Bu texnologiya ənənəvi çim əkini üsullarından fərqli olaraq daha sürətli, effektiv və ekoloji baxımdan dayanıqlı nəticələr verir.

Texnologiya aşağıdakı sahələrdə tətbiq olunur:

  • Eroziyanın qarşısının alınması
  • Şəhərsalma layihələrində yaşıllıq zolaqlarının bərpası
  • Kənd təsərrüfatında torpaq məhsuldarlığının artırılması

Texnologiya Transfer Mərkəzinin Dəstəyi

  1. Layihələndirmə və Konsepsiyanın Hazırlanması:
    • Yerli şəraitə uyğun toxum və bioaktiv maddələrin seçimi üzrə elmi tədqiqatlara dəstək.
    • İqlim və torpaq analizlərinə əsaslanaraq texnoloji uyğunluq araşdırmaları.
  2. Texniki Təchizatın İdxalı və Sınaqdan Keçirilməsi:
    • Hydroseeding üçün mexaniki və püskürmə avadanlıqlarının seçimi və idxalına dəstək.
    • Pilot sınaqlar şəhər və yolkənarı ərazilərdə həyata keçirilib.
  3. İnvestisiya və Start Kapital Dəstəyi:
    • Layihəyə ilkin mərhələdə birbaşa investisiya ayrılıb.
    • Ekoloji fondlar və beynəlxalq donor qurumlarla əlaqə yaradılıb.
  4. Bazar Araşdırması və Strateji Tərəfdaşlıqlar:
    • Yerli və regional bazarlar üçün araşdırma aparılıb.
    • İnşaat şirkətləri, bələdiyyələr və kənd təsərrüfatı strukturları ilə əməkdaşlıq yaradılıb.
  5. Media və İctimai Tanıtım:
    • Sosial media və televiziya vasitəsilə ictimaiyyətə təqdim olunub.

Nəticələr və Gələcək Planlar

Layihə hal-hazırda ictimai parklar, otel kompleksləri, magistral yol kənarları və yaşayış komplekslərində uğurla tətbiq olunur. Gələcəkdə isə kənd təsərrüfatı torpaqlarının bərpası və dağlıq ərazilərdə eroziyaya qarşı mübarizə sahələrində genişləndirilməsi nəzərdə tutulur.

“Yaşıl Şəhər” və “Ağıllı Kənd” layihələri çərçivəsində genişmiqyaslı tətbiq planlaşdırılır.

Texnologiya Transfer Mərkəzi bu layihəni startap mərhələsindən kommersiyalaşma mərhələsinə qədər izləyərək, həm texniki bilik, həm də maliyyə və strateji tərəfdaşlıq baxımından tam dəstək vermişdir.