Smartcart, həm istifadəçi təcrübəsini, həm də reklam imkanlarını yenidən dizayn edən innovativ bir həllər toplusudur. Layihə çərçivəsində hazırlanmış interaktiv reklam monitorları ilə təchiz olunmuş cihaz sayəsində pərakəndə satış məkanlarında müştərilərə real vaxtda məhsul tanıtımı, endirim kampaniyaları və yönləndirilmiş reklamlar təqdim olunur. Bu texnologiya yalnız reklam sahəsində deyil, həmçinin müştəri davranışlarının analizi və satış strategiyalarının təkmilləşdirilməsi baxımından da üstünlüklər yaradır. Smartcart, satış nöqtəsində reklam imkanlarını maksimum səviyyədə istifadə etməyə şərait yaradır və rəqəmsal transformasiyanı fiziki ticarət sahəsinə inteqrasiya edir. Patentləşdirilmiş ixtira Smartcart layihəsi tamamilə yeni bir texnoloji yanaşma üzərində qurulduğu üçün həm Azərbaycan Respublikası səviyyəsində, həm də beynəlxalq miqyasda patentləşdirilmişdir. Bu patentlər Smartcart layihəsinin innovativliyini və kommersiya potensialını rəsmi şəkildə təsdiq edir. Texnologiya Transfer Mərkəzi olaraq bu layihənin texnoloji inkişaf mərhələlərində, hüquqi qorunmasının təmin edilməsində və kommersiyalaşdırma və investisya cəlbi prosesində tam dəstək göstərmişik.
Püskürtmə çim (Hydroseeding) – ənənəvi qazon əkini üsullarına innovativ alternativ olaraq təqdim olunan, sürətli, effektiv və ekoloji cəhətdən davamlı yaşıllaşdırma texnologiyasıdır. Bu metod vasitəsilə toxum, gübrə, sellüloz əsaslı mulch və su qarışığı xüsusi texniki avadanlıqla səthə püskürtülərək, bitki örtüyünün sürətli şəkildə formalaşması təmin olunur. Bu texnologiyanın tətbiqi xüsusilə aşağıdakı sahələrdə üstün nəticələr verir:
- Magistral və avtomobil yollarının kənarlarının yaşıllaşdırılması
- Tikinti sonrası torpaq eroziyasına məruz qalan sahələrin bərpası
- Sənaye zonaları, daş karxanaları və açıq mədən ərazilərinin ekoloji reabilitasiyası
- Park və yaşıl zonaların sürətli və qənaətli salınması
- Texnologiyanın üstünlükləri
- Ənənəvi üsullara nisbətən çox daha az su sərfiyyatı və tez nəticə
- İstifadə edilən qarışıq torpağa yaxşı yapışır, eroziyanın qarşısını alır
- Ən çətin relyeflərdə belə tətbiq oluna bilər (dağ yamacları, sərt torpaq sahələri)
- Əl əməyini minimuma endirir, böyük sahələrin qısa müddətdə yaşıllaşdırılmasına imkan verir
- Texnologiya Transfer Mərkəzinin Dəstəyi
Texnologiya Transfer Mərkəzi olaraq bu layihənin Azərbaycanda tətbiqi zamanı:
- Texnologiyanın yerli iqlimə uyğunlaşdırılması,
- Müvafiq avadanlıqların seçilməsi və tətbiqi,
- Məhsul tərkibinin optimallaşdırılması,
- Kommersiyalaşdırma mərhələləri üzrə məsləhət və strateji dəstək təqdim etmişik.
Hazırda püskürtmə çim texnologiyası ölkəmizdə bir sıra iri infrastruktur və landşaft layihələrində uğurla tətbiq edilir. Bu layihə vasitəsilə həm ekoloji mühitin bərpasına töhfə verilir, həm də müasir şəhərsalma və ətraf mühit dizaynında innovativ yanaşmalar təşviq olunur.